BAKI, 2 dekabr – «Xəbərlər-Azərbaycan». Avropa Birliyinin dövlətüstü qurum olaraq üstünlüyü zaman keçdikcə daha da artır. İqtisadi birlik kimi yaradılan AB bü gün bütün üzvlərini gələcəkdə vahid dövlət halında birləşdirməyi məqsəd qoyub.
Əslində bu unikal birlik mahiyyət etibarilə nə dövlət, nə də beynəlxalq təşkilatın elementlərini özündə ehtiva edir. Qurum daxilən elə idarəetmə formasına malikdir ki, adi dövlətdən fərqli burada yalnız dövlətüstü qurumun əlamətləri mövcuddur. Dövlətüstü qurumların isə əsas hədəfini beynəlxalq təşkilatlardakı kimi beynəlxalq əməkdaşlıq yox, inteqrasiya təşkil edir.
Qitənin iqtisadi-siyasi və hüquqi inteqrasiyası istiqamətində ilkin olaraq vahid valyuta sistemi yaradılsa da, vahid konstitusiyanın qəbul olunması birlik üzvlərini bir qədər düşündürdü. Əslində bu məsələdə qurum daxilində elə də ciddi fikir ayrılığı mövcud deyildi. Konstitusiyanın qəbuluna Fransa və Hollandiyadan başqa qarşı çıxan olmamışdı. Sonradan İrlandiya və Çexiyanın da sənədlə bağlı etirazları yarandı. Sonuncuların razılıq ifadə etməsindən sonra isə bu problem aradan qalxdı.
Bununla yanaşı qurum daxilində genişlənmə məsələsində də mövqe müxtəlifliyinin olmadığını demək çətindir. Həmçinin AB-nin qəbul etdiyi qərarlarla namizəd ölkələrin qarşısına əlavə maneələr də çıxarılmağa başladı. Ümumiyyətlə, bu qurumda hər şey çətin başa gəlir, proseduralar mürəkkəbdir. Elə bəlkə bu səbəbdəndir ki, birlikdə olan transmilli maraq getdikcə daha da böyüyür.
AB-nin geosiyasi və geoiqtisadi anlamda əhəmiyyətinin artdığı bir məqamda qurumun konstitusiyası uzun müzakirə və ziddiyyətlərin sonucu olaraq, nəhayət, 2009-cu il dekabrın 1-də qüvvəyə mindi. Buna görə də AB-nin genişlənmə prosesinə təsiri ilə bağlı konstitusiyanın əsasını təşkil edən Lissabon müqaviləsinin siyasi və hüquqi aspektlərinə nəzər yetirməyi zəruri hesab etdik.
AB-nin genişləndikdən sonra nizamlı şəkildə fəaliyyətini davam etdirməsi üçün qəbul edilməsi zəruri olan konstitusiyanın müzakirəsi zamanı, yəni prosesin başlanğıcında yaranan gərginlik qurum ölkələrinin milli maraqlarını “birliyin maraqları”ndan üstün tutduğunu bir daha sübut etdi. Bu özünü daha bariz şəkildə hələ 2007-ci ildə Brüsseldə keçirilən zirvə görüşündə göstərmişdi. O zaman üzv ölkələr arasında fərqliliyi ortaya çıxaran əsas məsələlər AB konstitusiyası, AB-də həyata keçiriləcək islahatlar və AB üzvü olan ölkələrin milli maraqlarının qorunması məsələsi idi. AB-nin Almaniyanın sədrliyi ilə keçirilən zirvə görüşündə siyasi rəhbərlik qurumun yeni konstitusiyasını qəbul etmək əvəzinə islahat haqqında müqavilə imzalamağı qərara almışdılar. Zirvə görüşü zamanı ən çox narazı olan Polşanı da o zamankı AB sədri Almaniyanın kansleri Angela Merkel razı salmışdı.
Avropa konstitusiyasının 2005-ci ildə Hollandiya və Fransada keçirilən referendumla rədd edilməsi ilə yaranan və davam edən böhran avropalı liderləri AB konstitusiyasının əvəzinə “qısa anlaşma” razılığına gəlməyə məcbur etmişdi. Bununla da konstitusiya termini “islahat anlaşması” ilə dəyişdirilmişdi. O zamankı razılaşmaya görə, AB çərçivəsində hökumətlərarası konfrans keçirilməli və bu konfransa namizəd ölkələr qatılmamalı idi.
Konfrans iştirakçılarının təkmilləşdirdiyi anlaşmanın 2009-cu il Avropada parlament seçkilərinədək başa çatdırılması nəzərdə tutulmuşdu. Yekunlaşdı da. Bu o deməkdir ki, AB-də siyasi və hüquqi tamamlama baxımından hər şey dəqiqliklə hesablanır. Burada diplomatiyanın hüququ üstələməsi prosesi nadir hallarda baş verir. Özlərinin maraqlarını nəzərə alarkən hər zaman diplomatiya və hüquq balanslaşdırılır. Ona görə də bu qurum hazırda dünyanın yetkin siyasi güc mərkəzlərindən birinə çevrilməkdədir.
Konstitusiyaya əsasən, AB-də daimi prezidentlik institutu, eləcə də, geniş həcmli diplomatik korpusa rəhbərlik edəcək xarici işlər naziri postu reallaşdırılır. Xarici işlər naziri birliyin xarici siyasətinə təsir edə biləcək. Qurumda dağınıq olan mərkəzi hakimiyyət gücləndirilməli və inteqrasiya prosesləri daha böyük vüsət almalıdır.
Avropa Parlamentinin səlahiyyətləri genişlənir. Konstitusiya müddəalarına görə, bu qurum üzv ölkələrin ədliyyə sistemi, kənd təsərrüfatı və hüquq mühafizə orqanlarının fəaliyyətləri ilə bağlı daha çox səlahiyyətlərə malik olacaq.
Lakin bu hələ o demək deyil ki, AB ziddiyyətlərdən yaxa qurtara biləcək. Əksinə, belə səlahiyyət və müstəqillik qurumun siyasi taleyində əks-dəyişikliklər də edə bilər. Çünki üzərində razılaşma əldə edilən konstitusiyaya Hollandiyanın təklifi ilə daxil edilən genişlənmə ilə bağlı müddəanın gələcəkdə qurumda ciddi fikir ayrılığına səbəb olacağı da şübhəsizdir. Belə ki, bundan sonra hər hansı ölkənin quruma namizədliyinə qarşı olan üzv ölkə bunu AB-nin məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinə verə biləcək. Bununla da qurumun genişləndirilməsini istəməyən ölkələr öhdəliklərini yerinə yetirsə də, istədikləri ölkə haqqında siyasi qərar qəbul edərək onu məhkəməyə verə biləcək. Bu isə öz növbəsində üzvlük prosesini mürəkkəbləşdirəcək.
Birliyə üzvlüyü daha da çətinləşdirən qərarlar hələ AB dövlət və hökumət başçılarının 2006-cı ilin son zirvə görüşündə AB liderləri genişlənmə və konstitusiya məsələlərini müzakirə edərkən qəbul olunmuşdu. Qərarlara görə, AB-nin yeni üzvlərlə bağlı siyasətində “3C prinsipi” tətbiq olunacaq. Bu 3 prinsipə - “consolidation” (həmrəylik), “conditionality” (şərtlərə uyğunlaşma) və “communication” (ünsiyyət) daxildir.
“Həmrəylik prinsipi” AB-nin sonrakı genişlənmə prosesində zəifləməməsi üçün genişlənmənin inteqrasiya ilə eyni vaxta həyata keçirilməsini əhatə edir. Buna görə, birliyin daha effektiv fəaliyyət göstərməsi üçün struktur islahatların həyata keçirilməsi zəruridir. AB-nin bəzi üzvləri hesab edirlər ki, qurum daxilində qərarların qəbul edilməsi prosedurası sadələşdirilməlidir. Bu səbəbdən də namizəd ölkələr üzvlük meyarlarına tamamilə əməl etsələr də, onlar AB sisteminin yenidən təşkilini gözləməli idilər.
“Şərtlərə uyğunlaşma prinsipi” namizəd ölkələrlə bağlı qaydaların tamamilə həyata keçirilməsini ifadə edir. AB-nin əvvəlki genişlənmədə müzakirə şərtlərini tam yerinə yetirməyən bəzi ölkələr artıq üzv qəbul ediliblər. Hətta 2007-ci ildə quruma üzv olan Rumıniya və Bolqarıstan da bütün şərtləri yerinə yetirməyiblər. AB bundan sonrakı genişlənmə prosesində bunun qarşısını alacaq.
“Ünsiyyət prinsipi” isə AB hökumətlərinin üzv dövlətlərin əhalisi ilə qarşılıqlı dialoq və əlaqələrin gücləndirilməsi deməkdir. Yəni bundan sonra yeni üzvlərlə bağlı məsələni hökümətlər öz əhalisi ilə “məsləhətləşməli” olacaqlar. AB üzvləri bundan sonra namizəd dövlətlərlə bağlı öz ölkələrinin əhalisi ilə yaxından iş aparmağı qərara alıblar. eni üzvlərin qəbulu məsələsi Avropa əhalisinin mövqeyindən asılı olacaq. Bunu da üzvlük prosesini mürəkkəbləşdirən amil hesab etmək olar.
Belə düşünmək olar ki, konstitusiyanın qəbul olunması Avropa Birliyi kimi fövqəlqurum üçün hələ hər şey demək deyil. Əslində Avropada çox şey bundan sonra başlanacaq. AB-nin “hər şey qəbul edilənədək heç bir şey qəbul edilməyib” prinsipinin mahiyyətinə dayansaq, bundan sonrakı prosesin, xüsusilə “genişlənmə” prosesinin olduqca çətin olacağını proqnozlaşdırmaq olar. Əsas qanun avropalılar üçün təkcə formallıq kəsb etməyəcək. Yəni ziddiyyətli Lissabon müqaviləsinin ziddiyyətlərlə dolu olan Avropaya təsiri gələcəkdə daha real hiss olunacaq. Həm də nəzərə alsaq ki, əsas qanun sadə avropalıların da fundamental hüquqlarını artırıb, o zaman elə “hər şey”lə bağlı 1 milyon avropalının imzası ilə Avropa Komissiyasına təşəbbüs daxil olduqda qurum məsələni geniş müzakirəyə çıxarmaq məcburiyyətində qalacaq. Əsas Hüquqlar Haqqında Xartiya hüquqi məcburilik kəsb etdikdən sonra isə AB vətəndaşlarının siyasi, iqtisadi və sosial hüquqlarında da dəyişikliklər olmalıdır. Yəni vətəndaş-dövlət təşəbbüskarlığı AB üçün perspektivdə mümkün ziddiyyətləri də qaçılmaz edə bilər.

