BAKI, 23 dekabr – «Xəbərlər-Azərbaycan». Ermənistan işğal etdiyi Azərbaycan torpaqları ətrafında siyasi fəaliyyətini daim genişləndirməyə çalışır. Gah onu ölkəmizlə danışıqlarda təsir vasitəsi kimi istifadə etməyə çalışır, gah da beynəlxalq aləmə beynəlxalq hüququn subyekti kimi çıxarmağa cəhd edir.
Bu cəhdlərdən ən uğursuzu və gülüncü isə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində "müstəqil" "Dağlıq Qarabağ Respublikası" elan etməsidir. Beynəlxalq aləmdə bu separatçı qurumu rəsmi Yerevan "Naqornı Karabax" kimi təqdim edir. Bu zaman "naqornı" sözünün rus, "Karabax" sözünün isə Azərbaycan sözü (qara, bağ, bəxt) olması erməni ideoloqlarını qətiyyən narahat etmir.
Keçən əsrin axırlarında Yerevan dağılan sovet ordusundakı erməni generalların rəhbərliyi altında olan qalıqları və əvvəldən hazırlanmış yarımhərbi dəstələrin köməyi ilə nəinki geniş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini, hətta onun ətrafında olan əlavə 12,6 min kv.km ərazini də işğal etdi. Keçmiş DQMB-nin 4,4 kv.km ərazisi ilə birlikdə bu, Azərbaycan dövlətinin ərazisinin 20 faizini təşkil edir.
Sonradan erməni millətçilərinin ideoloqları bütün işğal zonasını 150 mindən bir qədər çox erməni icmasının özünümüdafiə dəstələrinin tutduğunu iddia edirlər. Eyni zamanda iddia edilir ki, ətraf 12,6 min kv. kilometr ərazi 4,4 min kv. kilometr ərazinin ətrafındakı təhlükəsizlik zonasıdır (?!). Bu zaman həmin dövrdə Azərbaycan Respublikasının 7 milyon nəfərdən çox əhalisi olduğu və silah altında erməni icmasının sayına bərabər əsgəri olduğunu yada salmamağa çalışırlar.
Bütün ötən dövrdə Ermənistan işğal etdiyi ərazini beynəlxalq ictimai fikrə zorla qəbul etdirmək istəyir. Və bunu xalqın öz müqəddəratını təyin etməsi kimi qələmə verməyə çalışır. Xalqın müqəddəratını bir dəfə təyin etdiyi, hər milli icmanın özünə ayrıca dövlət yaratmasının isə fəlakətə səbəb olacağı arqumentini Ermənistan eşitmək belə istəmir.
Əgər hər 150 minlik milli icma müstəqil dövlət olacaqsa, təqribi hesablamalara görə, dünyada 200.000 müstəqil dövlət olmalı idi. Təkcə Rusiya ərazisində belə ermənisayaq dövlətlərin sayı 120-dən çox olmalı idi. Bu yanaşma ilə Moskva şəhərində 8, Moskva vilayətində 1, ümumən Rusiya Federasiyasında isə 12-15 müqəddəratını təyin etmiş erməni dövləti yaratmaq olardı.
Dünya tarix boyu kiçik ərazili dövlətlərə meylli olmayıb. Bu, ticarəti çətinləşdirir, ümumi mədəniyyətin yaranmasına mane olur, bürokratik aparatın saxlanmasına böyük xərclər tələb edir. Buna görə də az sayda ada dövlətlərini çıxmaq şərti ilə dünyada kiçik ərazili dövlətlərin sayı cəmi bir neçədir. Düzdür, Avropada kiçik ərazili fransızdilli Lüksemburq və almandilli Lixtenşteyn var. Ancaq onlar Fransa və Almaniyanın bir-birilərinin hansısa əyalətini işğal etməsi nəticəsində deyil, tarixi şərait nəticəsində yaranıblar.
Oyuncaq "DQR"in inzibati mərkəzini erməni işğalçılarının nəyə görə indiyə qədər Stepanakert adlandırması sualına cavab yoxdur. Avropalı tədqiqatçıların "ermənilərin tarixi kökdən belə çox danışdıqları halda nəyə görə şəhər öz ilkin adına qayıtmır" sorğusunun isə bir izahı var. Bu şəhər XVIII əsrin axırlarında Qarabağ xanı Pənah xanın istirahət məskəni kimi Xankəndi (Xanın kəndi) kimi yaranıb. 1923-cü ildə süni surətdə yaranan Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi də Xankəndi seçilir. 1924-cü ildə isə bütün tarixin üstündən xətt çəkilərək yaşayış məntəqəsi bolşevik inqilabçısı Stepan Şaumyanın şərəfinə Stepanakert adlanır. S.Şaumyanın kommunist liderləri Vladimir Lenin və İosif Stalinin yaxın dostu olduğunu və 1918-ci ildə Zaqafqaziyanın fövqəladə komissarı təyin edildiyini də erməni millətçiləri bir çox məsələlər kimi yada salmaq istəmirlər.
Necə ki, indiki Ermənistanın tarixi Azərbaycan torpağı əsasında yarandığı və sovet hakimiyyəti illərində bütün Azərbaycan yer adlarının erməni adlarına dəyişildiyi yada salınmaq istənilmir. Məsələn, İrəvan şəhərinə Yerevan, Göyçə gölünə Sevan, Ağrı dağına isə Ararat adı verildi.
Maraqlı məsələlərdən biri də xalqın öz müqəddəratını təyinetmə prinsipindən danışılsa da, bu proseslərdə xalqın özünün görünməməsidir. Fakt odur ki, 1988-89-cu illərdə Xankəndidə bir neçə mitinq təşkil edildikdən sonra "xalq" dekorasiyası arxaya atıldı və ön plana siyasi maraqları olan konkret adamlar çıxmağa başladı. Hətta əldəqayırma "DQR"in rəhbərlərinin də ya Ermənistandan, ya da ümumiyyətlə uzaq xaricdən gətirilməsi adət halını aldı.
"Müstəqil Qarabağ" adlanan işğal edilmiş Azərbaycan torpağının "prezidenti" Bako Saakyan 1997-1999-cu illərdə Ermənistan Respublikasının daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi işləyib. Sonradan Dağlıq Qarabağa təhlükəsizlik orqanlarına şef göndərilən Ermənistan vətəndaşı 2007-ci ildə oranın "prezidenti" elan edilir.
Gürcüstanda doğulan, Ukrayna Respublikası vətəndaşı olan erməni əsilli Anuşevan Danielyan 1999-2007-ci illərdə "DQR"nin "baş naziri" vəzifəsini daşıyıb.
Ermənistan dövlətinin Xarici İşlər Nazirliyinin əməkdaşları da tez-tez "DQR"in xarici işlər nazirləri vəzifəsinə göndərilməyə başlandı. Naira Melkumyan 1997-2002, Armen Melkumyan 2004-2005-ci illərdə işğal edilmiş ərazilərdə "xarici işlər naziri" vəzifəsi daşımışlar.
Oyuncaq "Dağlıq Qarabağ Respublikasının" "baş nazirlərinin" taleyi də çox maraqlıdır. 1992-ci ildə "müstəqil" dövlətin "baş naziri", 2000-2005-ci illərdə "parlamentin sədri" olan Oleq Yesayan 2006-cı ildən Ermənistanın Belarusdakı səfiridir.
1994-1998-ci illərdə "baş nazir" olan Leonard Petrosyan o vəzifəyə qədər də, ondan sonra da Ermənistan hökumətinin naziri işləyib.
1998-1999-cu illərdə "baş nazir" olan Jirayr Poqosyan ona qədər Ermənistan operativ işlər idarəsinin rəhbərlərindən olub.
"DQR"in "müdafiə nazirləri" də birbaşa Ermənistanla, onun Silahlı Qüvvələri ilə bağlı olur. 1993-1996-cı illərdə Dağlıq Qarabağı "müdafiə ordusunun komandanı" Samvel Babayan hal-hazırda Ermənistanda partiya lideridir.
Onun ikinci "müdafiə naziri" Seyran Ohanyan 1999-2007-ci illərdə "nazir" işləyənə qədər Ermənistan silahlı qüvvələrinin işğal edilmiş zonalarda yerləşən 5-ci ordu korpusunun komandiri olub. 2007-ci ildə Ermənistan ordusunun baş qərargahına rəis gətirilən Ohanyan 2008-ci ildən Ermənistanın müdafiə naziridir. Onun 1992-ci ildə keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı polkunun batalyon komandiri kimi Xocalı faciəsinin əsas təşkilatçılarından biri olduğunu yada salmaq isə çox yerinə düşərdi.
İndiki "müdafiə naziri" Movses Akopyan 2003-cü ildə Dağlıq Qarabağa "qərargah rəisi" göndərilənə qədər Ermənistan müdafiə nazirinin müşaviri idi.
"DQR"nin milli təhlükəsizlik xidmətinin indiki direktoru Viktor Köçəryanın Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın bacanağı olduğunu bildirmək isə yerinə düşərdi. Robert Köçəryan Ermənistan prezidenti, Bako Saakyan isə Dağlıq Qarabağda təhlükəsizlik xidmətinin rəhbəri olarkən Köçəryan Saakyana öz yaxın qohumunu birinci müavin təyin etməklə həm Saakyanı, həm də bütün işğal edilmiş zonanı nəzarət altında saxlaya bildi.
"DQR"in "prezidentləri" olmuş Robert Köçəryan və Arkadi Qukasyanın sonrakı taleləri də erməni ideoloqlarının "müstəqil dövləti" iddialarının yalanını çıxarır. R.Köçəryan 1997-ci ildə digər müstəqil dövlət Ermənistanın baş naziri təyin edilir (?!). 1998-ci ildə isə oranın prezidenti seçilir. Həmin dövrdə Ermənistanın müəyyən siyasi dairələri, Ermənistan Konstitusiyasına görə, prezidentliyə namizədin axırıncı 10 il ərzində Ermənistan ərazisində daimi yaşamalı olduğunu, ancaq Köçəryanın bu tələblərə cavab vermədiyini bildirdilər. Ancaq Ermənistanın nə Mərkəzi Seçki Komissiyası, nə də hakim siyasi elitası bu qanun pozuntusuna əhəmiyyət verdi.
Digər "DQR prezidenti" Arkadi Qukasyan isə 2008-ci ildə Ermənistan prezidentinin müşaviri təyin edildi.
Deyilənlərdən başqa yüzlərlə Ermənistan və digər ölkə vətəndaşları “müstəqil” “DQR”in idarəetmə orqanlarına ikinci-üçüncü şəxslər təyin edilirlər. Dünyanın heç bir yerində bir müstəqil ölkənin başçısı digər ölkənin başçısı seçilə bilmir. Heç bir vaxt bir ölkənin dövlət məmuru bir andaca digər ölkənin baş naziri və ya naziri təyin edilə bilmir.
Bunların hamısı göstərir ki, "müstəqil" "Dağlıq Qarabağ Respublikası" Ermənistan tərəfindən işğal edilib və oradan idarə edilir. Oradakı qoşunlar isə Ermənistan Silahlı Qüvvələrinin hissələridir və birbaşa Yerevana tabedir. Azərbaycan buna heç vaxt şübhə etmirdi, cəbhə xəttindəki təmas və kəşfiyyat məlumatları bunu daim təsdiqləyirdi. Mütəmadi olaraq şəraitdən və işgəncələrdən bezərək Azərbaycan tərəfinə keçən zabit və əsgərlər də həmişə Ermənistana və onun Silahlı Qüvvələrinə aid şəxsi sənədlər təqdim edirlər.
Azərbaycan torpaqlarını işğal edən Ermənistan "müstəqil Qarabağ" ideyasını dünyaya yaymaqla paralel həmin ərazilərdən birbaşa iqtisadi səmərə götürməyə başladı. İlk növbədə işğal zonasındakı sahibsiz müəssisələr və şəxsi evlər talan edildi. Sonradan tikililər sökülərək Ermənistana daşındı, bu zaman Azərbaycan qəbirlərinin üstündən mərmər lövhələri sökməkdən də çəkinmədilər. Kosmik peyklər vasitəsilə çəkilmiş şəkillərdə işğal altında olan Azərbaycan yaşayış məntəqələrində viranlıq və qarətdən sonrakı ucu-bucağı görünməyən dağıntılar görünür.
Bu gün işğal altında olan Dağlıq Qarabağın iqtisadiyyatı tamamilə Ermənistan və xarici erməni diasporu işgüzar dairələrinin əlindədir. Yerevan oliqarxları tez-tez Xankəndinə işgüzar səfərlər edirlər. Ağdam daş karxanası, Kəlbəcər qızıl mədənləri və müalicəvi "İstisu" mineral suları, Qarabağ meşələrinin nadir ağac növləri amansızcasına istismar edilərək Ermənistana, oradan Ermənistan adı ilə üçüncü ölkələrə satılmaq üçün daşınır.
Ermənistan kimi Dağlıq Qarabağın da iqtisadiyyatı bərbad haldadır. Hər hansı investisiyadan, infrastrukturun yerləşməsindən, böyük və müasir texnologiyaların tikintisindən söhbət gedə bilməz. İşğal altında olan 17 min kv. kilometr ərazinin resursları ilə müqayisədə "DQR"in illik büdcəsi həddindən artıq kiçikdir. Gələn ilə onun büdcəsi cəmi 150 milyon ABŞ dollarıdır. Müqayisə üçün, 5,5 min kv. kilometr ərazisi, 400 min nəfər əhalisi olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 2010-cu ilə büdcəsi 400 mln. ABŞ dolları nəzərdə tutulub. İşğal altında olan 8 rayonun ancaq dövlət təşkilatlarının saxlanmasına gələn ilə büdcəsi ümumilikdə 160 mln. ABŞ dollarıdır. Bundan başqa Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin isə 2010-cu ilə büdcəsi 230 mln. ABŞ dollarıdır. Buraya ayrı-ayrı təşkilatların və insanların vaxtaşırı məcburi köçkünlərə edilən yüz milyonlarla yardımı daxil deyil.
"Müstəqil" "DQR"nin büdcəsinə hər il Ermənistan büdcəsindən xeyli vəsait ayrılır. Gələn il üçün bu məqsəd üçün 30 mlrd. dram (80 mln. ABŞ dolları) nəzərdə tutulub. "DQR" özünün pul vahidini elan etsə də, ərazidə bütün bank və maliyyə əməliyyatları Ermənistan dramı vasitəsilə aparılır.
Bütün " DQR" rəsmi internet saytları Ermənistan domenlərində yerləşir. Ermənistanın Dağlıq Qarabağ bölgəsini və ondan üç dəfə böyük ətraf zonanı işğal etməsi yerli Azərbaycan əhalisinin çaşqınlığına, erməni əhalisinin isə hüquqi qeyri-müəyyənliyinə səbəb oldu. Bu gün işğal administrasiyasının verdiyi şəxsiyyət sənədləri işğal zonası və Ermənistandan kənarda qəbul edilmir. "DQR"in bütün nümayəndələri Ermənistan vətəndaşları sənədlərinə malikdirlər. Rəsmi Yerevan bunu ikili vətəndaşlıq kimi izah edir. Birinci vətəndaşlığın olmaması iradına isə bir qayda olaraq cavab verilmir.
Maraq doğuran məsələlərdən biri də "DQR"in əhalisinin sayı məsələsidir. 1989-cu il SSRİ siyahıyaalınmasına görə Dağlıq Qarabağ Muxtar Vilayətində 145,4 min erməni millətindən olan vətəndaş yaşayırdı. "DQR"in elan etdiyi 2005-ci il siyahıyaalınmasına görə, orada 137,3 min erməni yaşayır. İşğal administrasiyasının nə dərəcədə obyektiv siyahıyaalma keçirdiyi sual altındadır. Ancaq elan edilən rəqəmin özü xeyli sual doğurur.
Ötən 16 il ərzində təbii artım nəticəsində erməni icmasının sayı xeyli artmalı idi. Həmçinin, erməni mətbuatının verdiyi məlumata görə, vaxtaşırı xaricdən xeyli erməni əhalisi daimi yaşayış üçün Dağlıq Qarabağa köçüb. Bütün bunların sayəsində gözlənilən 200-220 min əvəzinə özü belə şübhə doğuran 137,3 min nəfər əhali elan edilir. Bu müddət ərzində on minlərlə əhalinin dünyasını dəyişməsi versiyası inandırıcı görünmür.
Deməli, guya müstəqillik uğrunda mübarizə aparan Dağlıq Qarabağın erməni icmasının üzvləri Yerevanın qurduğu "müstəqillikdə" yaşamaq istəməyib və müxtəlif üsullarla oradan daimi yaşayış üçün başqa ölkələrə köçüb. Hərbi-polis rejimi, sivil dünyadan təcridlik, siyasi oyunların "peşkası" olmaq bu icmanı özünə cəlb etməyib. Bu baxımdan da 1988-89-cu illərdəki "xalq" dekorasiyası arxa plana keçirilib və onun iştirakına ehtiyac görülməyib.
Bütün səviyyələrdə diplomatik səylərinə baxmayaraq rəsmi Yerevan özü "DQR"in "müstəqilliyini" tanımaq istəmir. Çünki ortada müstəqillik yox, bir dövlətin başqa dövlətin ərazisinin bir hissəsini işğal etməsi reallığı var. Yuxarıda göstərilən faktorlar həmin ərazinin Yerevandan, Yerevan üsulları ilə və Yerevan kadrları tərəfindən idarə edildiyini göstərir. Bunun lüzumluluğu və səmərəliliyi isə indiki dövlət rəhbərləri olan keçmiş səhra komandirlərini az maraqlandırır.
Onların istək və fəaliyyətindən asılı olmayaraq Azərbaycan xalqının öz ərazi bütövlüyünü təmin edəcəyi isə artıq dünyada şübhə doğurmur. Bu istiqamətdə aparılan işlərin ilkin konkret nəticələri isə ortadadır və artmaqda davam edir.
www.mediaforum.az
