BAKI, 22 oktyabr – «Xəbərlər-Azərbaycan». Ağdaş rayonunu qorxu içərisində saxlayan silahlı zərərsizləşdirilib. Bu barədə Ağdaş rayon prokuroru Munis Adıgözlov məlumat verib. Prokuror bildirib ki, bir neçə gün əvvəl keçmiş icra nümayəndəsini öldürüb, bir nəfəri isə yaralayaraq gizlənən 52 yaşlı Ruzman Hüseynov öldürülüb. M. Hüseynovun sözlərinə görə, bu gün gecə saat 04:10 radələrində R. Hüseynovun yaşadığı evin yaxınlığında gizləndiyi müəyyənləşdirilib. Əməliyyat keçirilən zaman hüquq-mühafizə orqanlarının əməliyyatçılarına müqavimət göstərən R. Hüseynov öldürülüb.
Kotavan kənd icra nümayəndəliyindən verilən məlumata görə, silahlıya qarşı keçirilən əməliyyatda Daxili Qoşunların helikopterlərindən də istifadə edilib. R.Hüseynovun kəndin yaxınlığındakı meşədə gizləndiyi helikopter vasitəsilə müəyyən edilib.
Qeyd edək ki, oktyabrın 18-də saat 15.00 radələrində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü (mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla oğurluq etmək) maddələri ilə axtarışda olan rayon sakini Rüzman Hüseynov onu zərərsizləşdirmək istəyən polisə silahlı müqavimət göstərib. Polis əməkdaşlarına qumbara və avtomat silahdan atəş açan R.Hüseynov qaçaraq Kotavan kəndinin keçmiş icra nümayəndəsi 38 yaşlı Baxşəli Seyfəlovu evində silahla qətlə yetirib, digər kənd sakini 37 yaşlı Famil Əhmədovu isə yaralayıb.
Faktla bağlı CM-in 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya iki vəya daha artıq şəxsi öldürmə cəhd) , 120.2.10-cu (təkrarən qəsdən adamöldürmə) və 228-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

