BAKI, 6 noyabr – «Xəbərlər-Azərbaycan». Rusiyanın paytaxtı Moskva şəhərindəki gecə klublarından birində 29 yaşlı şəxs travmatik tapançadan atəş açaraq iki Azərbaycan vətəndaşını yaralayıb. Hadisə Bratislav küçəsində Moskva vaxtı ilə saat 02.30 radələrində mübahisə zəminində baş verib.
Xəsarət alanlar dərhal xəstəxanaya aparılıb. Atəş açan kişi isə “BMW-X5” maşını ilə hadisə yerindən uzaqlaşıb. Əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxs Volqoqrad prospektində milislərin yolu bağlaması nəticəsində saxlanılıb. Saxlanılan zaman şəxs özünü aqressiv aparıb və milisə müqavimət göstərib.
RİA Novosti agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, saxlanılan şəxsin üzərindən Rusiya Federasiyasının Prokurorluğu yanında İstintaq Komitəsinin müstəntiqi vəsiqəsi, 1979-cu il təvəllüdlü Dmitri Şerşnevə aid sürücülük vəsiqəsi və “Makarıç” tipli tapança tapılıb. Saxlanılan şəxs məhkəmə tibbi ekspertizasına göndərilib.
Qeyd edək ki, Rusiya Federasiyasının Prokurorluğu yanında İstintaq Komitəsinin İstintaq komitəsi hadisə ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İstintaq komitəsində bu adda müstəntiq heç vaxt işləməyib.
Yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti isə orta ağırdır.

