BAKI, 28 sentyabr - "Xəbərlər-Azərbaycan", Kamal Əli. Azərbaycan Ekoloji Standartların Monitorinqi Fondu (AESMF) və Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası «Xəzərin sahil xəttinin və dəniz akvatoriyası suyunun ekoloji vəziyyəti: reallıqlar və problemlər» mövzusunda dəyirmi masa keçiriblər.
Tədbir iştirakçılarının sözlərinə görə, respublikanın sənaye obyektlərinin 70%-i Bakı və Sumqayıtda cəmləşib. Azərbaycan iqtisadiyyatının möhkəmlənməsi Xəzərin sahilində yerləşən bu şəhərlərdəki müəssisələrin inkişafı ilə bağlıdır.
Natiqlər onu da bildiriblər ki, Xəzərin suları 5 dövlətin sahilini yuyur. İstənilən dövlət tərəfindən çirklənmə bütün sahilyanı dövlətlərin ekoloji vəziyyətində əks olunur. Bu azmış kimi, Kür çayı da Ermənistan və Gürcüstanda çirklənmiş suyu Xəzərə gətirir.
Son məlumatlara görə, Azərbaycan ərazisindən Xəzərə 0,3 milyard kub/m çirkli su, 4 min ton neft tullantısı, 500-550 min ton quru tullantılar, 74 min ton sulfat, 155 min ton xlorid, 300 min ton aktiv maddələr, 5 ton fenol və digər təhlükəli maddələr axıdılır.
Suyun üzvi maddələrlə çirklənməsində neft və neftçıxarma məhsulları xüsusi rol oynayır.
Tədbir iştirakçıları onu da qeyd ediblər ki, vəziyyət millətin sağlamlığı və iqtisadi rifah halı üçün təhlükəlidir.
Dəyirmi masa iştirakçıları QHT-lər, ictimai təşkilatlar və yerli hakimiyyət orqanlarının köməyi ilə bu problemlə məqsədyönlü şəkildə məşğul olmaq niyyətini bildiriblər.

