BAKI, 17 sentyabr – «Xəbərlər-Azərbaycan». Dünya şöhrətli rəssam, Rusiya Federasiyası incəsənət Akademiyasının akademiki Aydan Salahovanın «Xəbərlər-Azərbaycan»a eksklüziv müsahibəsi.
- 90-cı illərin əvvəllərində, Yeni Rusiyada quldurluq, reket və digər özbaşınalıqların baş alıb getdiyi bir dövrdə öz biznesini yaratmaq çətin deyildi ki?
- Yenidənqurma dövründə, 80-ci illərin sonlarında, mən və həmfikirlərim «İlk qalereya» açdıq. Bu, ilk müstəqil studiya idi. O zaman yaşamaq və qeyri-formalları, “andeqraund” və bir çox maraqlı avanqard rəssamları öz qanadı altına almaq maraqlı idi. 1992-ci ildə bu qalereya bağlandı. O zaman mən müstəqil şəkildə qalereya biznesi ilə məşğul olmağa qərar verdim və eyni «Aydan» adlı qalereyanı yaratdım. Mürəkkəb vaxtlar idi. İncəsənət heç kimi maraqlandırmırdı, inflyasiya hiperinflyasiya ilə əvəz olunurdu, hamının fikrində yalnız pul qazanmaq var idi. Həmin vaxtlar hamı vəhşicəsinə kapital yığımı ilə məşğul idi. Adi ərzaq mallarını da gündüz vaxtı çıraqla tapmaq çətin idi. Çətin vaxtlar idi…
- Bəs, indii vəziyyət necədir?
- O məhşur dövrdən sonra hazırkı böhran artıq yüngül gəlir. Ara-sıra fasilələr olsa da, layihələrin əksəriyyəti öz təyinatını tapır.
- 90-cı illərdə «yeni rus elitası»nda zövqsüzlük hökm sürürdü. Bəs, həmin vaxtlar zövq formalaşdırmaq və yaranmış stereotipləri dəyişmək Sizin üçün sətin deyildi ki?
- Mən və mənim həmfikirlərim ödəniş qabiliyyətli əhalinin zövqünü qalereyanın divarlarında nümayiş olunan əsərlərlə formalaşdırırdıq. Mən isə əntiq məmulatların təkrar bazarında alqı-satqı yolu ilə pul qazanmağa məcbur idim. Yeni ruslar Ayvazovskinin, Levitanın, Repinin əsərlərini, yəni məktəb dərsliklərində və ədəbiyyat kitablarında illüstrasiya kimi verilmiş əsərləri alırdılar. Mən 90-cı illərdə və indiki dövrdə onların evlərində qonaq olmuşam. Fərq çox böyükdür. İnkişaf və təfəkkürün inkişafında yerlə göy qədər fərq var. Əgər əvvəllər onların evində Kreml kərpicinin rəngi dominant idisə, hazırda zamanın tələbinə uyğun olaraq hi-tech üstünlük təşkil edir.
90-cı illərdə bizim bir çox layihələrimiz vardı ki, onlar rəhbərliyi maraqlandırırdı və heç bir çərçivə qoyulmurdu. O zaman senzura yox idi, dövlət məmurları tərəfindən nəzarət yox idi. Hazırda isə orta statistik rusiyalının zövqü kütləvi nəzarət altındadır. Bu gün mədəniyyətdən bixəbər kütləni daha da kütləşdirmək üçün aşağı səviyyəli şoular dominantlıq təşkil edir ki, bunun da məqsədi sonradan seçkilər zamanı həmin elektoratdan istifadə edilməsinə xidmət edir. Bu dövlətin marağındadır. Sizin kanallarınızda da vəziyyət belədir, performans tipli bir çox şeylər mənə məzəli gəldi və mən hardasa Yəmən və Şimali Afrika ölkələrinin televiziyasını xatırladım.
- Azərbaycan rəssamları ilə əməkdaşlıq edirsinizmi?
- Hələ tələbəlik illərindən tanış olduğum Məlika Ağamalovun yaradıcılığı məni gəlb edir. Sizin müasirlərinizdən isə Fərid Rəsulov maraq doğurur. Daha sonra Altay Sadıqzadəninin adını çəkə bilərəm! Yeri gəlmişkən, Sizin müasir incəsənət muzeyində çoxlu maraqlı əsərlər toplanıb. Əsas odur ki, muzeyin kolleksiyasında ardıcıllıq qorunur. Yəni son onilliklər ərzində nəyin nədən sonra gəldiyi aydın görünür. Açığını deyim ki, Moskvada bu format nə muzey şəklində, nə də qalereya şəklində yoxdur.
- Dünyanın gördüyünüz guşələrindən hansı Sizi daha çox təsirləndirib?
- Yəqin ki, Vyetnam… Son yüz il ərzində orada çoxlu kombinasiyalar baş verib. Orada həm inkişaf etmiş sosializm, həm də yenidən baş qaldıran Hind-Çin kapitalizminin elementləri var. Hind-Çin və üstəgəl əbədi buddizm! Maraqlı bir qarışıq alınıb. Orada mən həm dincəlirəm və eyni zamanda yarada da bilərəm. İnsan Yer üzündə öz enerji mənbəyini tapanda böyük zövq alır.

