BAKI, 19 noyabr – «Xəbərlər-Azərbaycan», Bəhram Batıyev. Azərbaycanın əməkdar inşaatçısı, memar, texnika elmləri namizədi Emil Axundovun «Xəbərlər-Azərbaycan»a eksklüziv müsahibəsi.
- Bakıda tarixi-memarlıq abidələri və tikintilərlə bağlı Bakıda yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda Bakıda tarixi abidələrin başına gətirilənlər vəhşilikdən başqa heç cür adlandıra bilmərəm. Əlbəttə, vəhşilik həmişə və hər yerdə olub… Amma, bunu mədəni irsin keşiyində durmalı olan insanlar törətdikdə, bu artıq heç bir əndazəyə sığmır… mədəniyyəti mədəni insan qorumalıdır.
Bu gün Bakıda nadir memarlıq tikililəri məhv olmaq təhlükəsi qarşısındadır. Axı, bilirik ki, tikilinin yaşı nə qədər çox olarsa, onun tarixi və memarlıq cəhətdən dəyəri bir o qədər çox olur… XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda olmuş xeyriyyəçilərin hesabına Bakı özündə demək olar ki bütün memarlıq cərəyanlarının obrazlarını birləşdirib və buna görə də Bakını «Şərqin Parisi» və «Şərqin Palmiri» adlandırıblar… Əzəmətli binalar öz gözəlliyi ilə Bakının qonaqlarını heyrətləndirib, şəhərimiz yüz minlərlə insanın ən sevdiyi məkan olub.
Amma bu gün həmin bu mədəni irs məhv edilir, özü də xalqın xəbəri olmadan, referendum keçirilmədən. Biz artıq akademik Aleksey Şusevin tikdiyi «İnturist» mehmanxanasını (yeri gəlmişkən, o, Leninin Moskvadakı Mavzoleyinin müəllifidir), «Qarabağ» mehmanxanasını itirmişik, “Qlavpoçtampt”ın yerləşdiyi binanı uçururlar...
- «İçəri şəhər» tarixi-memarlıq qoruğunun da aqibəti son vaxtlaradək təhlükəli idi, lakin son zamanlar vəziyyət düzəlməyə doğru dəyişib.
- Tamamilə doğrudur. «İçəri şəhərin» yeni rəhbərliyi, zənnimcə, üzərinə qoyulmuş vəzifələrə savadlı yanaşır. «İçəri şəhər» - Bakının ürəyidir. Qədim Bakı məhz burada, dənizin sahilindəki təpədə özünə məskən salıb. Onun qorunması üçün mən hökumətə təklif vermişəm ki, «İçəri şəhər» vergilərdən azad olunsun ki, orada qazanılan vəsaitlər qoruğun kassasında toplansın, onun xeyrinə istifadə olunsun.
Bundan əlavə, mən «İçəri şəhərdə» son illər tikilmiş eybəcər binaları onların sahiblərindən pulla alaraq sonradan onları uçurmağı təklif edirəm. Bu, qoruğun ilkin görünüşünü qoruyub saxlamağa kömək edər.
Sakinlərin faktiki olaraq zorla öz yaşadıqları evlərindən çıxarılması təcrübəsindən də əl çəkmək lazımdır. Sakinləri binanın qəza vəziyyətində olması bəhanəsi ilə evlərindən çıxarılar. Axı, qəza vəziyyətində binalar deyil, bu məsələyə cavabdeh strukturlar olur… Əgər sonuncular öz binaları vaxtı-vaxtında təmir etsəydilər, həmin binalar heç vaxt qəza vəziyyətinə düşməzdi.
- Dırnaqarası «qəza vəziyyətində» olan binaların yerində «göydələnlərin» tikiləcəyi istisna deyil?
- Mən bu «göydələnlərə» heç beş qəpik də verməzdim… Çünki onların əksəriyyəti qanunsuzdur. Çoxmərtəbəli «bədheybətlər»in tikintisinə kim icazə verib, onların tikintisi üçün kim yer ayırıb? Axı, Bakının da yerləşdiyi seysmik cəhətdən təhlükəli zonada 9 mərtəbədən və 30 m-dən artıq hündürlüklü bina tikmək olmaz… Yeni binaların əksəriyyəti şəhərsalma normaları pozulmaqla ucaldılır… «Beşmərtəbələr» sökülür, onların yerində çoxmərtəbəli binalar tikilir. Bir azdan şəhərdə keçib getməyə yer tapılmayacaq… Şəhərin 1978-ci ildə yaradılmış baş planı demək olar ki, artıq yoxdur. Təəssüf ki, bu plan cəmi 15-20% yerinə yetirilib.
Bakı həddən artıq sıxlaşıb, əhalinin sıxlığına görə şəhər artıq dünya liderləri sırasına çıxır. Bura kommunikasiyaların aşınmasını da əlavə etmək lazımdır. Bir Sahil boyu gəzinməyə çalışın… Orada üfunətdən boğulmaq olar… Bakının kanalizasiya sistemi dəfələrlə artmış yüklənmənin öhdəsindən gələ bilmir… İçdiyimiz suyun keyfiyyəti barədə isə heç danışmaq istəmirəm…
- Bəlkə, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, paytaxtı köçürmək yaxşı olardı?
- Keçən il mən Astanada keçirilən «XX əsr: paytaxtların köçürülməsi tarixi» adlı beynəlxalq elmi konfransda «Azərbaycan paytaxtının köçürülməsi» mövzusunda məruzə ilə çıxış etdim. Bilirsinizmi, paytaxtın köçürülməsi çox tutumlu və həyati vacib məsələdir. Lakin hələ ki, seçim edilməyib. Zənnimcə, hazırkı mərhələdə, Bakıda sadəcə olaraq hündür binaların tikintisini dayandırmaq lazımdır ki, heç olmazsa, hansı yollasa şəhərin yüklənməsinin qarşısı alınsın.

