pyc  |  aze
Xəbərlər-Azerbaycan
01:18
11/03/2010
 
Азад Гусейнов. Eksklüziv
Yaxşı rəqqas 50-60 yaşında da rəqs edə bilər – Azad Hüseynov
17:06|23/ 11/ 2009

BAKI, 11 noyabr – «Xəbərlər-Azərbaycan». Azərbaycan parlaq, bənzərsiz və özünəməxsus rəqslər ölkəsidir. Bu rəqslər bizə qədim dövrlərdən gəlib çatıb. Onların hamısı bir-birindən yarandığı yer, musiqi ritmi, hərəkətlər və poetik məzmunu ilə seçilir. «Xəbərlər-Azərbaycan»a eksklüziv müsahibəsində Milli Konservatoriyanın nəzdindəki İncəsənət-Uşaq Gimnaziyasının müəllimi Azad Hüseynov Azərbaycan rəqslərinin tarixindən, onların hazırkı durumundan və rəqqasların ifaçılıq bacarığından söhbət açır…

- Azərbaycan milli rəqslərinin tarixi haradan başlanır?

- Bunu bilməkdən ötəri çox uzağa getmək lazım deyil. Azərbaycan xalq rəqsləri hələ bizim eradan əvvəl mövcud olub. Bunu  isbat etmək üçün Qobustan dağlarına getmək kifayətdir. Çünki Qobustan dağlarının ətəyindəki qayalarda milli rəqslərimizin hərəkətləri həkk olunub. Azərbaycan xalq rəqsləri o vaxt kütləvi şəkildə yaşayırdı. Azərbaycan xalq rəqsləri olduqca qədimdir. Azərbaycan xalq rəqslərinin böyüklüyü ondadır ki, onlar heç bir xalqı yamsılamır. Yalnız öz milli ruhunda və koloritində ifa olunur.

Rəqslər bizim əcdadlarımızın ən çox yayılmış incəsənət növü olub. Onlardan ən qədimləri "Yallı", "Cəngi", "Asta Qarabağı", "Gəncə", "Qazağı", "Qızlar bulağı", "Alay", "Səməni", "Tərəkəmə", "Novruzu", "Uzundərə", "Mirzeyi", "Yüzbir" və başqalarıdır.

- Hazırda bir sıra Azərbaycan rəqslərini ifa edən gənc rəqqasələr var, məsələn, Fatimə Fətəliyeva, Məryəm Süleymanova və başqaları…Milli rəqslərimizin müasir ifaçılarının peşəkarlığını necə qiymətləndirirsiniz? Onların plastikası, rəqs texnikası tələblərə nə qədər uyğundur?

- Bilirsinizmi, var rəqqasə, bir də var mütrüflük. Rəqqasə peşəkar səhnə üçündür, peşəkar ansambllarda çalışır. Mütrüflər isə toylarda, şənliklərdə. Bu, indi olmayıb. Qədim dövrlərdə də belə olub. O vaxtlarda da saraylarda əsir düşmüş qadınlar mütrüflük edərdi – yəni göbək rəqsini oynayardı, açıq–saçıq oynayırdılar. Ona görə də mən bu gün bu rəqqasələr haqqında çox danışmaq istəmirəm. Bu gün mən Afaq xanım Məlikovanın adını çəkmək istərdim.

O, uzun illər rəqs ansamblının bədii rəhbəri olub, Zemfira Həsənovanı misal gətirərdim… Amma o dediyiniz rəqqasələr harada işləyir?

Onları yalnız televiziyada reklam edirlər. Məsələn Fatimə hind rəqsi oynayır. Hind rəqsi ümumiyyətlə şənliklərdə ifa olunmayıb. Hind rəqsi məhəbbət rəqsidir, o,  olduqca çətin rəqsdir.

Bizim ölkəmizdə mən bilən hind rəqslərini yalnız Solmaz xanım ifa edirdi. O da ki, hind səfirliyi ilə əlaqə saxlayır, onların kitablarını oxuya-oxuya öyrənir. Bir də ki, hər rəqqasənin özünə məxsus rəqsi var. Misal üçün bu gün lirik rəqs deyəndə Roza Cəlilova yada düşür, «Tərəkəmə» deyəndə Əminə xanım yada düşür, çevik rəqslər deyəndə Əlikram Aslanov, Kamil Dadaşov yada düşür.

Fatimə və Məryəm haqqında danışanda isə, onlar elə yaşdadırlar ki, ansamblda oynamaq istəsələr, oynaya bilməzlər. Mən bunu sizə peşəkar kimi deyirəm. Onlar toylarda işləyirlər. Xalq onları istəyir.  Onların da öz yeri var…

- Hər bğir tarixi dövr, hər bir sosial qrup rəqslərin quruluşunun məntiqinə təsir edib, onun üslub xüsusiyyətlərində əks olunub. Yaşam tərzində, davranış normalarında dəyişikliklər eyni bir rəqsin ifa tərzində və xarakterində dəyişikliklərə, onların yeni formalarının yaranmasına gətirib . Bu, Azərbaycan milli rəqslərinə necə təsir edib? Azərbaycan rəqsləri də müasir dövrün tələblərinə uyğun dəyişikliklərə məruz qalıbmı?

- Xanımların ifa etdikləri Azərbaycan rəqsləri təvazökar, plastikdir. Onlar yumşaqlığı, lirikliyi,  zərifliyi axıcılığı ilə fərqlənir. Məsələn, "Vağzalı", "Uzundərə", "Qəşəngi"… "Müdriklik rəqsi" və ya "Mirzəyi" isə ahılların rəqsləridir… Kişi rəqslərində isə sürət, qoçaqlıq, güc, qüvvət, kişiliyi tərənnüm edir… Məsələn, "Qazağı", "Qaytağı", "Xançobanı", "Şalaxo", "Brilyant"… Xalq rəqslərinin əsas hissəsi solo rəqsləridir, həm kişi rəqsləri, həm də qadın rəqsləri. Amma cüt və qrup rəqsləri də var…

Elə rəqslər var ki, xarakterindən və tempindən asılı olmayaraq yalnız xanımlar tərəfindən ifa olunur. Məsələn, "Nəlbəki", "Ceyranı", "Xalabacı". Ancaq kişilərin ifa etdikləri rəqslər də var… məsələn, "Cəngi", "Qaytağı"…

Xalq rəqslərinin əsas hissəsi əmək fəaliyyəti və ya məişət adətləri ilə əlaqədardır. Belə rəqslərə qrup şəklində ifa olunan və torpaqla bağlı işlərə həsr olunmuş «Halay» rəqsini Misal gətirmək olar… "Vağzalı" rəqsi isə toy mərasimlərində ifa olunur və gəlinin gətirilməsi mərasimində ifa olunur…

Bu gün bizim rəqs dünyamızın banisi olan, respublikamızın xalq artisti mərhum Abdullayevin qurduğu rəqslər  ölməzdir və  bu gün də mahiyyətini itirməyib, bu gün də keyfiyyətini itirməyib, bu gün də xalq tərəfindən sevilir. Üzeyir Hacıbəyovun “Leyli v Məcnun”u dünya durduqca duracaq. Həmçinin də Əlibaba müəllimin qurduğu rəqslər bu gün də müasirdir, 100 ildən sonra da yenə müasir olacaq. Çünki o rəqslər əvəzsizdir və ölməzdir. Bizim rəqslər indi müasirləşib, amma milli koloritini itirməyib. Azərbaycan rəqsi dünyaya elə gəlib ki, onu dəyişmək olmaz.

- Bizim emosional rəqslərimiz bu gün getdikcə daha çox restoran repertuarlına daxil olur. «Vağzalı», «Sarı qəlin» rəqsi kafe və restoranlarda ifa olunur. Sizin buna münasibətiniz necədir?

- Bilirsiniz, siz mənim çox yaralı yerimə toxundunuz. Mən bu gün toya gedənləri  qınamıram. Çünki onların yaşayış səviyyəsi elə olur ki, onlar məcbur olub toya gedirlər. Qoy getsinlər, amma bizim milli rəqslərimizin keyfiyyətini, milli ruhunu, milli koloritini itirməmək şərti ilə… Toy sayağı yox, saray sayağı yox…!

- Rəqqas və rəqqasələr üçün yaş həddi varmı? Onlar hansı yaşa qədər rəqs edə bilərlər?

- Rəqqas üçün yaş fərqi yoxdur. Əminə xanım Dilbazi 60 yaşına qədər peşəkar səhnədə rəqsləri ifa edirdi, Roza Cəlilova – 50 yaşına qədər, Nəriman Məmmədov – 55 yaşa qədər oynayıb. Hər şey rəqqasın formasından asılıdır. Yaxşı formada olan rəqqas 50 yaşında da 60 yaşında da rəqs edə bilər.

- Bu gün gənc Azərbaycan rəqqasələri arasında göbək rəqsi çox dəbə düşür. Sirr deyil ki, bəzi Azərbaycan rəqqasələri demək olar ki, çılpaq şəkildə klublarda və restoranlarda bu rəqsləri ifa edir və eyni zamanda müştərilərdən həyasızcasına pul yığırlar. Bu bizim mentalitetə nə dərəcədə uyğundur?

- Mən həmişə demişəm ki, göbək rəqsinin, oriyental rəqsin milliyyəti yoxdur. Bu rəqsləri əsir düşmüş qadınlar saraylarda oynayıb. Bu rəqslər bizim xalqa məxsus deyil. Belə rəqsləri bizim məclislərdə ifa etmək olmaz. Çox əcaib bir şeydir ki, bütün dünya bizdən oğurlayır, biz isə kimdənsə oğurlamaq istəyirik.

Qoy bizim rəqqasələr çıxsın “Uzundərə” oynasın, “Tərəkəmə” oynasın, lirik rəqs oynasın… Amma bu göbək rəqsi bizim millətin nə xarakterinə, nə də tərbiyəsinə aid deyil. Mən istərdim belə rəqslər bizim məclislərdə ifa olunmasın!