BAKI, 19 noyabr – «Xəbərlər-Azərbaycan». ARDNŞ-nin Gürcüstanda fəaliyyət göstərən “SOCAR Georgia Gas” MMC törəmə müəssisəsi cari ilin əvvəlindən qonşu ölkənin müxtəlif regionlarında yaşayış məntəqələrinin qazlaşdırılması işində mühüm rol oynayır. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, artıq Saqareco rayonunun Yor-Muğanlı, Qurcaan rayonunun Çumləki, Laqodexi rayonunun Niniqori, Mtsxeti rayonunun Tserovani, Zestafoni rayonunun Tsxratskaro kəndlərində, Duşeti rayonunda qaz kəmərlərinin tikintisi başa çatdırılıb, Dmanisi şəhərinin iri yaşayış massivlərində qaz xətti bərpa olunub.
Noyabrın 18-də “SOCAR Georgia Gaz” Gürcüstanın Zuqdudi şəhərindəki qaz şəbəkəsini istifadəyə verib. Şəbəkənin açılış mərasimində Gürcüstan Respublikasının prezidenti M. Saakaşvili, habelə qonşu ölkənin energetika naziri A. Xetaquri, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri, “SOCAR Energy Georgia”nın baş direktoru M. Məmmədov və yerli hökumət nümayəndələri iştirak ediblər.
“SOCAR Georgia Gaz” 3 illik investisiya proqramına uyğun olaraq, Gürcüstanın müxtəlif regionlarında 150.000 abonentin qazla təminatını həyata keçirəcək.
Qeyd etmək lazımdır ki, “SOCAR Georgia Gaz” 2008-ci ilin dekabrında Gürcüstan əhalisinin təbii qaza olan ehtiyacını ödəmək üçün 30 qazpaylayıcı şirkət arasından tender əsasında seçilib.

