BAKI, 25 dekabr – «Xəbərlər-Azərbaycan». Rəsmi Bakı Dağlıq Qarabağ məsələsinin həllinə çox çalışır və məsələnin tezliklə öz həllini tapmasını istəyir. Bunu prezident İlham Əliyev Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə veteranlarına və əlillərinə minik avtomobillərinin verilməsi mərasimindəki çıxışında deyib. Onun sözlərinə görə, münaqişə beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır:
“Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş bütün torpaqlardan erməni işğalçıları çıxarılmalıdır. Vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Məsələnin həlli üçün əsas prinsiplər bunlardır. Azərbaycan bu prinsipial mövqeyindən bir addım geri atmayacaq. Biz bütün imkanlarımızı səfərbər edib məsələnin tezliklə ədalətli, Azərbaycanın maraqlarına və beynəlxalq normalara uyğun şəkildə həllinə çalışacağıq. 2009-cu il də, əfsuslar olsun ki, həlledici il olmadı. Halbuki Dağlıq Qarabağ məsələsinin həlli üçün 2009-cu ilə böyük ümidlər bəslənilirdi. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə biz nəticəyə gələ bilməmişik. Bununla bərabər, bu gün məsələ ilə məşğul olan bütün tərəflər problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyirlər. O cümlədən Ermənistan tərəfi də məcbur olub məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını nəzərdə tutan siyasi sənədə qol çəkib”.
Dövlət başçısı bəyan edib ki, məsələni həll etmək üçün Azərbaycan güclü olmalıdır: “Biz güclü dövlət qurmalıyıq və bunu edirik. Güclü ordu qurmalıyıq. Azərbaycanda ordu quruculuğu da çox sürətlə gedir. Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsində bütün parametrlər üzrə aparıcı ölkədir. Bunu biz də bilirik, bütün beynəlxalq aləm də bilir. Bütün bölgədə iqtisadi tənəzzül yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişafdadır. İnfrastruktur layihələri, sosial məsələlərin həlli, şəhərlərimizin abadlaşması, ordu quruculuğu - Azərbaycan Ermənistanı bütün istiqamətlər üzrə bir neçə dəfə qabaqlayır. Ermənistanla ilə Azərbaycan arasında həm iqtisadi, həm bütün başqa sahələrdə yaranmış məsafə, yəni uçurum daha da böyüyür, dərinləşir. Əlbəttə ki, bu gün iqtisadi və hərbi gücümüz bizə imkan verir ki, məsələni hərbi yolla həll edək. Ancaq biz istəyirik ki, müharibə olmasın. Biz istəyirik ki, bundan sonra şəhidlər verilməsin. Biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Amma bununla bərabər, hər an Azərbaycan ordusu və Azərbaycan cəmiyyəti hazır olmalıdır ki, torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək”.

