BAKI, 26 sentyabr – «Xəbərlər-Azərbaycan», Pərvanə Məmmədova. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) şəhərdə tarix və mədəniyyət abidələrinin sökülməsinə göz yumur. BŞİH Neftçilər prospektindəki tarixi abidə olan 95 və 97 saylı binaları sökməyə hazırlaşır və buna görə də sakinləri evlərini tərk etməyə məcbur edir. Belə bir açıqlama ilə mətbuat konfransında «Tarixi, mədəni və təbii irsin qorunması» İctimai Komitəsinin rəhbəri Aytəkin İmranova çıxış edib.
İmranovanın sözlərinə görə, 2006-cı ilin dekabrından etibarən Neftçilər prospektində yerləşən və tarixi əhəmiyyət kəsb edən 87 və 81, habelə İçəri Şəhərdəki Maqomayev küçəsində yerləşən 7, 9, 13, 17 və 21 saylı binalar sökülüb.
«Bütün binalar qəza vəziyyətində olması bəhanəsi ilə sökülür. Lakin bu binalar «Tarixi abidələr haqqında» Qanunla qorunur. Qanuna və hökumətin qərarına görə, onlar bərpa olunmalıdırlar. Bərpa işlərinə isə dövlət büdcəsindən cəmi 2 milyon manat vəsait ayrılıb. Bu vəsait isə cəmi 1 binanın bərpası üçün kifayətdir»- deyə, İmranova bildirib.
