BAKI, 25 dekabr – «Xəbərlər-Azərbaycan». Ankarada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişini nəzərdə tutan protokolun imzalanması təxirə salınıb. Nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında verilən məlumata görə, rəsmi Bakı bu məsələ ilə bağlı bəzi texniki məsələlərin həllinin zəruri olduğunu bildirib. Amma sənədin imzalanmasının təxirə salınması barədə ətraflı məlumat verilməyib.
Beləliklə, hər iki ölkədən vətəndaşların o biri ölkəyə səfəri zamanı viza alınması zərurəti davam edir. Viza almaqla Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları da Azərbaycanda bir ay qala biləcək. Daha uzunmüddətli səfərlər üçün hər iki ölkədən ayrıca icazə alınması tələb olunur.
Görüşdən sonra keçirilən mətbuat konfransında nazirlər bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi üzündən hər iki ölkədə əvvəllər meydana gəlmiş bəzi anlaşılmazlıqlara bir daha yol verməyəcəklər.
Elmar Məmmədyarov Davudoğlu ilə görüşdən sonra Türkiyənin prezidenti Abdulla Güllə görüşə yollanıb.

