BAKI, 15 dekabr – «Xəbərlər-Azərbaycan». “Günəşli” yatağında 11 nömrəli platformaya birləşdirilmiş əlavə blokda 58 nömrəli yeni qaz quyusu istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, blokdan qazılmış sayca ikinci olan bu quyu 3950 metr dərinlikdən sutkada 300 min kubmetr qaz və 40 ton kondensat verir.
16 quyunun qazılması üçün nəzərdə tutulmuş 11 nömrəli platforma 1986-cı ilin aprelində istismara verilib. Layihə üzrə 16 quyunun hamısı qazılmışdır və uğurla istismar olunur. Ötən 23 ildə bu quyulardan kondensatla birlikdə 12,4 milyon ton neft və 3 milyard 202 milyon kubmetr qaz hasil olunub.
Şirkətdən onu da bildiriblər ki, hazırda ARDNŞ-in həyata keçirdiyi qaz proqramı çərçivəsində 11-ci platformada öz ikinci həyatına başlayıb. Belə ki, proqram çərçivəsində bu platforma genişləndirilərək, onun yanında 8 quyunun qazılması üçün daha bir blok tikilərək bu platformaya birləşdirilib. Çəkisi 1060 ton olan 113 metr hündürlüyündə həmin blok dənizin 102 metr dərinliyində quraşdırılıb. Burada 2 quyu fəaliyyət göstərir. Bu quyulardan birlikdə sutkada 500 min kubmetr qaz və 60 ton kondensat hasil olunur.

