pyc  |  aze
Xəbərlər-Azerbaycan
14:43
8/09/2010
 
Тесты. Elm və texnologiyalar
III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
14:49|08/ 07/ 2009

BAKI, 8 iyul – «Xəbərlər-Azərbaycan». 2009-2010-cu tədris ili üçün ali məktəblərə III ixtisas qrupu üzrə iyulun 5-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, artıq nəticələr qurumun internet səhifəsində yerləşdirilib.

TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağıyevin verdiyi məlumata görə, test imtahanının nəticəsinə əsasən 10595 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb - Azərbaycan bölməsi üzrə 9331 nəfər, rus bölməsi üzrə isə 1264 nəfər. Onlardan iki nəfər 700 bal toplayıb.

III ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 9526-dır.

E.Nağıyev qeyd edib ki, III ixtisas qrupunda müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılıb. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır. Azərbaycan bölməsində III qrupun DT alt qrupunda xarici dil fənninə nisbi bal məhdudiyyəti qoyulmayıb. III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməlidir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

İxtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub. Ümumi balı 350 və yuxarı olan abituriyentlərin müsabiqəyə buraxılması üçün fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra internet vasitəsilə aparılacaq. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalında yaxın günlərdə dərc olunacaq.

Qeyd edək ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 35772 abituriyent sənəd vermişdi. Onlardan 34198 nəfəri imtahan verib. 1559 abituriyent isə imtahanda iştirak etməyib. 15 nəfər müvafiq qaydaları pozduğuna görə imtahandan xaric olunub.