BAKI, 6 noyabr – «Xəbərlər-Azərbaycan». Noyabrın 12-dən 17-dək Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ilə əlaqədar beynəlxalq musiqi festivalı keçiriləcək.
Bu barədə Müslim Maqomayev adın dövlət filarmoniyasından məlumat verilib.
Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq beynəlxalq festivalda dünya şöhrətli bəstəkarlar və musiqişünaslar Vladimir Şerbakov, Yermin Yocef (Ukrayna), Kaxa Tsabadze, Elizbar Lombdaridze (Gürjüstan), Aleksandr Çaykovski, Vyaçeslav Meduşevski (Rusiya), Balnur Kadırbek (Qazaxstan), Gennadiy Çobanu (Moldova), Qudratulla Hikmətov (Tajikstan) iştirak edəcəklər. Festivalın açılış mərasimi noyabrın 12-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
Festival çərçivəsində “Azərbaycan bəstəkarlar məktəbi: axtarışlar və perspektivlər” mövzusunda konfrans, “Gənclər - avanqardda: səslər və rənglər aləmində” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur. Eləcə də “Musiqi dünyası” jurnalının 10 illik yubileyinə həsr olunmuş konfrans, Firəngiz Əlizadənin “İntizar” operasının konsert ifası, “Azərbaycan bəstəkarları - uşaqlara” , Xalq çalğı Alətləri Orkestrinin konserti, Estrada mahnısı konserti və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

