BAKI, 1 dekabr - "Xəbərlər-Azərbaycan". İran hökuməti ilə MAQATE arasında yaranmış gərginliyin Buşer atom elektrik stansiyasının (AES) tikintisi ilə heç bir əlaqəsi yoxdur. RİA Novosti agentliyinin məlumatına görə, belə bir açıqlama ilə Rusiya parlamenti Federasiya Şurasının Komitə sədri Mixail Margelov çıxış edib.
Xatırladaq ki, Buşer AES-in tikintisi hələ 1975-ci ildə Almaniya şirkətləri tərəfindən başlanıb. Lakin, ölkədə baş vermiş inqilabdan, ABŞ səfirliyinin zəbtindən və bununla bağlı Birləşmiş Ştatların İrana yüksək texnologiyaların satışına qoyduğu embarqodan sonra alman şirkətləri müqavilədən imtina ediblər.
Hazırda stansiyanın birinci blokunun tikintisini Rusiyanın "Atomstroyeksport" şirkəti yekunlaşdırır. Blokun tikintisi 1999-cu ilin iyulun 8-də başa çatmalı idi. Lakin stansiyanın istifadəyə verilməsi bir neçə dəfə təxirə salınıb.
"Buşer AES-in tikintisi nüvə enerjisinin «sülh məqsədləri ilə» istifadəsinə bir nümunədir. Həm də, stansiyada bütün sınaq işləri MAQATE-nin bütün tələbləri nəzərə alınaraq həyata keçirilir", - deyə Margelov vurğulayıb.
Parlamentari Rusiyanın energetika naziri Sergey Şmatkonun dünən adı çəkilən AES-in tikintisinin plan üzrə getdiyi və stansiyanın 2010-cu ildə istifadəyə veriləcəyi barədə bəyanatına diqqəti çəkib. Rusiyalı senatorun fikrincə, bu, stansiyanın istismara hazır olmaması ilə bağlı söz-söhbətlərə son qoymalıdır.
"Buşer AES-in tikintisi Rusiya ilə İran arasında əməkdaşlığın yüksək səviyyədə olmasını göstərir və hətta, bu faktın özü də bizim nüvə energetikası sahəsindəki mövcud və potensial rəqiblərimizə çətin ki xoş gəlsin", - deyə Margelov bildirib.
Rusiyanın İranla digər sahələrdə də, o cümlədən neft-kimya sahəsində əməkdaşlığının nəzərdə tutulduğunu söyləyən komitə sədri ölkəsinin bu istiqamətdə böyük şanslara malik olduğunu dilə gətirib.
Xatırladaq ki, dünən İranın vitse-prezidenti, ölkənin atom energetikası təşkilatının rəhbəri Əkbər Salehi Tehran üçün atom enerjisi sahəsində, o cümlədən AES enerji bloklarının tikintisi sahəsində Rusiya ilə əməkdaşlığın prioritet olduğunu təsdiq edib.

